AZ EN

AZƏRBAYCAN RESPUBLİKASININ MALİYYƏ BAZARLARINA NƏZARƏT PALATASI

Press relizlər

26 iyul 2017, 16:37

2017-ci ilin ilk yarısı ərzində qiymətli kağızlar bazarının ayrı-ayrı bazar seqmentləri artıb


26 iyul, 2017-ci il; Bakı – 2017-ci ilin birinci yarım ili ərzində qiymətli kağızlar bazarının ayrı-ayrı bazar seqmentlərində artım müşahidə edilmişdir. Belə ki, hesabat dövrü ərzində qiymətli kağızların təkrar bazarı 54% artaraq 2,975 milyard manatı ötmüşdür. Korporativ qiymətli kağızlar bazarının 64% azalması fonunda, dövlət qiymətli kağızlar bazarı 4,3 dəfə artmışdır. 2017-ci ilin yanvar-iyun ayları ərzində qiymətli kağızlar bazarı keçən ilin müvafiq dövrü ilə müqayisədə 26% azalaraq 5,230 milyard manat təşkil etmişdir.

Korporativ qiymətli kağızlar
Hesabat dövrü ərzində real sektor təmsilçilərinin və maliyyə institutlarının fond bazarı vasitəsilə öz kapitallarını artırmaq təşəbbüsləri korporativ qiymətli kağızlar bazarının səhm seqmentində əməliyyatların həcminin 83% artaraq 1,047 milyard manat təşkil etməsinə səbəb olmuşdur. Ümumilikdə səhmlərlə ilkin bazarda bağlanan əqdlərin məbləği əvvəlki hesabat dövrü ilə müqayisədə 2,9 dəfə artaraq 983 milyon manata çatmışdır.

Dövlət qiymətli kağızları
Hesabat dövrü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən manata olan təzyiqin azaldılması məqsədilə həyata keçirilmiş not buraxılışları dövlət qiymətli kağızları bazarında əməliyyatların həcminin artım dinamikasını müəyyən etmişdir.
Hesabat dövründə dövlət qiymətli kağızları bazarında əqdlərin həcmi ötən illə müqayisədə 4,3 dəfə artaraq 1,106 milyard manat təşkil etmişdir. Bunun 776 milyon manatını Mərkəzi Bankın notları ilə ilkin bazarda bağlanan əqdlər təşkil etmişdir. Dövr ərzində ümumi məbləği 330 milyon manatdan artıq olan qısa və ortamüddətli dövlət istiqrazları yerləşdirilmişdir. Qısamüddətli dövlət istiqrazları üzrə orta çəkili gəlirlilik 15,93% təşkil etmişdir. Dövlət istiqrazları ilə təkrar bazar əqdlərinin məbləği 28,9 milyon manat olmuşdur.

Törəmə maliyyə alətləri bazarı
 ümumi məbləği 2,020 milyard manat olan valyuta əsaslı və ümumi dəyəri 188 milyon manat olan əmtəə əsaslı törəmə maliyyə alətləri ilə ticarət əməliyyatları həyata keçirilmişdir. Ümumilikdə törəmə maliyyə alətləri bazarının ümumi həcmi 2,207 milyard manat olmuş və bazarda keçən ilin müvafiq dövrü ilə müqayisədə 42% artım müşahidə edilmişdir.

Repo və əks-repo əməliyyatları
Hesabat dövründə qiymətli kağızlarla keçirilən repo əməliyyatlarının ümumi məbləği 11,6 milyon manat olmuşdur. Bunun 85%-ini (9,9 milyon manat) dövlət istiqrazları ilə olan 15 repo əməliyyatı təşkil etmişdir. Korporativ istiqrazlarla 1,7 milyon manat məbləğində 2 repo əməliyyatı keçirilmişdir.
Kapital bazarları üzrə 2017-ci ilin ilk yarısına dair ətraflı məlumatlar qiymətli kağızlar bazarının icmal göstəricilərində öz əksini tapıb.

Qiymətli kağızlar bazarının rüblük göstəriciləri

Media orqanları əlavə məlumat almaq üçün www.fimsa.az saytı və press@fmsa.az elektron poçt ünvanına müraciət edə bilərlər.

Digər press relizlər »