AZ EN

AZƏRBAYCAN RESPUBLİKASININ MALİYYƏ BAZARLARINA NƏZARƏT PALATASI

Mərkəzləşdirilmiş Kredit Reyestri

Ümumi məlumat: Mərkəzləşdirilmiş Kredit Reyestri (MKR) 2005-ci ildə yaradılmışdır. MKR-də ölkənin bank sektorunda kredit öhdəliyi olan fiziki və hüquqi şəxslərin məbləğindən asılı olmayaraq bütün kreditləri haqqında məlumatlar toplanılır. Bu məlumatlardan istifadə hüququ kredit müraciətçisini qiymətləndirmək məqsədilə yalnız banklara, bank olmayan kredit təşkilatlarına (BOKT), habelə haqqında məlumat toplanmış şəxslərə məxsusdur.
Məqsədi: MKR bankların və BOKT-lərin cari və potensial borcalanlarının ödəmə qabiliyyəti haqqında məlumatlar almaq, borcalanların icra intizamını və borcalma nüfuzunun qorunmasını təşviq etmək, habelə bankların və BOKT-lərin kredit risklərini azaltmaq məqsədi daşıyır.
Hüquqi bazası: MKR-in iş rejimi, o cümlədən məlumatların xarakteri, verilməsi və alınması qaydaları və şərtləri “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 35.4-cü maddəsinə uyğun olaraq tənzimlənir.
Məlumatların tərkibi: MKR-də borcalanların həm aktiv, həm də tam ödənilmiş kreditləri haqqında məlumatlar saxlanılır. Məlumatların tərkibi borcalanın eyniləşdirmə məlumatları, kredit və kreditin təminatı haqqında məlumatlardan ibarətdir. Reyestrdə məlumatlar ayda bir dəfə - hər ayın ilk 4 (dörd) iş günü ərzində yenilənir. Yeni verilmiş kreditlər isə 2 (iki) iş günü ərzində MKR-ə göndərilir.
Məsuliyyət: Məlumat təchizatçıları MKR-ə təqdim edilən məlumatların dəqiqliyini təmin etməlidirlər. Hər bir şəxsin onun haqqında toplanmış informasiyalardakı qeyri-dəqiq məlumatlardan şikayət etmək hüququ vardır. Borcalanlar şikayətləri yazılı formada bilavasitə Maliyyə Bazarlarına Nəzarət Palatasına və ya MKR xidmətinin 1 və 4 saylı “ASAN xidmət” mərkəzlərində yerləşən xidmət ofislərinə təqdim edirlər.
Məlumatların məxfiliyi: MKR-də borcalanlar haqqında toplanan və əldə edilən məlumatlara Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən bank sirri rejimi tətbiq edilir. MKR-ə sorğular banklar və BOKT-lər tərəfindən cari borcalanları haqqında sorğu edilən şəxsin razılığı tələb olunmadan, potensial borcalanları və zaminləri haqqında isə yalnız barəsində sorğu edilən şəxsin  imzaladığı yazılı razılıq  əsasında edilir.
Məlumatlardan istifadə: Banklar və BOKT-lər MKR-dən məlumatları real vaxt rejimində elektron formada, borcalanlar isə sorğu əsasında əldə edə bilərlər. Banklar və BOKT-lər üçün hər bir sorğunun qiyməti 1 (bir) manat təşkil edir. Banklar və BOKT-lər istisna olmaqla digər fiziki və hüquqi şəxslər MKR-dən məlumatları aşağıdakı üsullarla əldə edir:
- şəxsən (hüquqi şəxsin qanuni nümayəndəsi) və ya vəkalətli nümayəndəsi vasitəsilə;

- elektron imza ilə təsdiq edilmiş elektron formada; (bunun üçün mkr@fmsa.az  ünvanına elektron imza ilə təsdiq edilmiş ərizə göndərilməlidir);

- notariat qaydasında təsdiq edilmiş distant sorğu  ilə.
Müraciət üçün tələb olunan sənədlər aşağıdakılardır:
Fiziki şəxslər üzrə:
- müraciətçinin şəxsiyyətini təsdiq edən sənədin əsli və surəti;

- şəxs fərdi sahibkardırsa, onun VÖEN-ni əks etdirən sənədin surəti;

- şəxsin özü müraciət prosesində iştirak etməyəcəyi halda onun qanuni nümayəndəsinin şəxsiyyətini və səlahiyyətini təsdiq edən sənədlərin əsli və surəti.
Hüquqi şəxslər üzrə:
- VÖEN-i əks etdirən sənədin surəti;

- hüquqi şəxsi təmsil edən nümayəndənin şəxsiyyətini və səlahiyyətini təsdiq edən sənədlərin əsli və surəti (müəssisənin möhürü ilə birgə).
Sorğuların qəbulu və cavabların verilməsi bayram və istirahət günləri istisna olmaqla 1 saylı (Ak. Həsən Əliyev küç. 36) və 4 saylı (Bakıxanov qəs., Sülh küç. 197) Bakı “ASAN xidmət” mərkəzlərində həftənin bazar ertəsi – cümə günləri saat 10:00-dan 19:00-dək həyata keçirilir.
Sorğular ödənişsizdir.

Kredit məlumatlarının alınmasına dair razılıq ərizəsi

Mərkəzləşdirilmiş Kredit Reyestrinə distant müraciət

Mərkəzləşdirilmiş Kredit Reyestrinə Şikayət Ərizəsi

Mərkəzləşdirilmiş Kredit Reyestrinə Sorğu

Press-relizlər

Digər press relizlər »