AZ EN

AZƏRBAYCAN RESPUBLİKASININ MALİYYƏ BAZARLARINA NƏZARƏT PALATASI

Sığorta fəaliyyətinin lisenziyalaşdırılması

İlkin Müraciət

Maliyyə nəzarəti orqanına ilkin müraciət zamanı ərizəyə (Əlavə №1-də göstərilən yazılı ilkin müraciət formasına) aşağıdakı tələblər üzrə təsdiqedici sənədlərin skan edilmiş surəti əlavə edilir:

Sığortaçının təsisçisi olmaq istəyən şəxslərlə bağlı aşağıda göstərilən müvafiq məlumatları təsdiq edən sənədlər:

Azərbaycan Respublikasının vətəndaşı sığortaçının təsisçisi və ya səhmdarı olmaq üçün aşağıdakı tələblərə cavab verməlidir:

1. müvafiq səhmləri almaq üçün kifayət qədər maliyyə vəsaitinin olması;

2. mühüm iştirak payını və ya əhəmiyyətli nəzarəti əldə etmək niyyətində olduqda  vətəndaş qüsursuzluğu (qəsdən törədilmiş cinayətə görə məhkumluğun olmaması, mülkiyyət əleyhinə və iqtisadi fəaliyyət sahəsində ağır və ya xüsusilə ağır cinayətlərin törədilməsinə görə heç zaman məhkumluğun olmaması və müvafiq vəzifəni tutması və ya peşə fəaliyyəti ilə məşğul olmasına məhkəmə qərarı ilə qadağa qoyulmaması).

Yerli hüquqi şəxs sığortaçının təsisçisi və ya səhmdarı olmaq üçün aşağıdakı tələblərə cavab verməlidir:

1. Qanunvericiliklə tələb olunduğu halda fəaliyyət göstərdiyi sahə üzrə maliyyə sabitliyi normativlərinə uyğunluğu;

2. Mühüm iştirak payını və ya əhəmiyyətli nəzarəti əldə etmək niyyətində olduqda - öz icra orqanının rəhbər işçilərinin vətəndaş qüsursuzluğu.

Xarici sığortaçı sığortaçının təsisçisi və ya səhmdarı olmaq üçün aşağıdakı tələblərə cavab verməlidir:

1. Öz ölkəsinin qanunvericiliyinin tələblərinə müvafiq olaraq maliyyə sabitliyi və ödəmə qabiliyyəti normativlərinə uyğunluğu;

2. Fəaliyyətində qanun pozuntusuna yol verməməsi faktının öz ölkəsinin maliyyə nəzarəti orqanı tərəfindən təsdiq edilməsi;

3. Son 5 il ərzində öz ölkəsində fasiləsiz olaraq sığorta və (və ya) təkrarsığorta fəaliyyətini həyata keçirməsi;

4. Beynəlxalq reytinq təşkilatları tərəfindən verilmiş və maliyyə nəzarəti orqanının təsdiq etdiyi qaydalara uyğun olan müvafiq reytinqə malik olması.

Açıq səhmdar cəmiyyətinin nizamnaməsinin surəti, təsisçilərin sayı birdən artıq olduqda isə, həmçinin müvafiq qaydada təsdiq edilmiş təsis müqaviləsinin surəti;

Hüquqi şəxs olan təsisçilər haqqında məlumatlar, o cümlədən belə təsisçilərin:

1. hüquqi şəxs kimi dövlət qeydiyyatına alınması haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surəti;

2. təsis sənədlərinin notariat qaydasında təsdiqlənmiş surəti;

3. son üç maliyyə ili üzrə, 3 ildən az müddətdə fəaliyyət göstərdikdə isə, bütün fəaliyyət dövrü üzrə, o cümlədən sənədlərin təqdim edildiyi tarixdən əvvəlki rübün mühasibat balansları, mənfəət və zərərlər haqqında müstəqil auditor tərəfindən müvafiq rəy əlavə olunmaqla təsdiq edilmiş maliyyə hesabatları;

4. nəzərdə tutulan iştirak payını əldə etməsi barədə onun səlahiyyətli idarəetmə orqanının qərarının müvafiq qaydada təsdiq edilmiş surəti;

Fiziki şəxs olan təsisçilərin şəxsiyyət vəsiqəsinin məlumatları, daimi yaşayış yerini, iş yerini (məşğuliyyət növünü) göstərən məlumatlar və sənədlər, səhmləri almaq üçün vəsaitinin kifayət qədər olmasını təsdiq edən sənədlər;

Şəxsin təsisçilər adından müraciət etmək səlahiyyətini təsdiqləyən, müvafiq qaydada təsdiq olunmuş sənəd;

Təsisçilərin digər hüquqi şəxslərdə mühüm iştirak payları, habelə hər bir hüquqi şəxs olan təsisçi üçün onun nizamnamə kapitalında digər şəxslərin mühüm iştirak payları haqqında məlumatlar;

Ən azı növbəti 3 il üçün aşağıdakı məlumatları əks etdirən Biznes-Plan:

1. təşkilati tədbirlər planı və bu məqsədlə ayrılan vəsaitin əsaslandırılmış məbləği;

2. fəaliyyətin ilkin mərhələsi üçün nəzərdə tutulmuş maliyyə vəsaitlərinin məbləği;

3. sığorta risklərinin növləri və qəbul ediləcək öhdəliklər;

4.  marketinq planı, gələcək müştəri bazasının təsviri və ehtimal olunan müştəri qrupları;

5.  təkrarsığorta siyasətinin prinsipləri və təkrarsığorta proqramı;

6.  təsis edilən sığortaçının maliyyə nəticələrinə dair proqnoz;

7. auditi həyata keçirəcək müstəqil auditor barədə məlumat;

8. biznesin inkişaf etdirilməsi və ödəmə qabiliyyətinin artırılması planını gəlir və xərclər formasında əks etdirən, əməliyyatların həcminin və strukturunun, sığorta haqlarının, komisyon mükafatların, işlərin aparılması xərclərinin, sığorta ödənişlərinin, investisiya gəlirlərinin və vergilərin proqnozlaşdırılmış rəqəmlərdə ifadə olunduğu sadələşdirilmiş balans nümunəsi;

9. istifadə ediləcək ofis binasının, kompüter və telekommunikasiya sistemlərinin, elektron mühasibat və digər kompüter proqramlarının təsviri

10. daxili nəzarət mexanizmlərinin təsviri;

Rəhbər işçi vəzifələrinə təyin olunması nəzərdə tutulan şəxslərin siyahısı və onların vətəndaş qüsursuzluğu barədə notariat qaydasında təsdiq edilmiş ərizəsi.

Qeyd: Xarici ölkədən təqdim olunan sənədlər qanunvericiliklə tələb olunan hallarda müvafiq qaydada leqallaşdırılmalı və Azərbaycan dilinə tərcümə olunmalıdır (tərcümə notariat qaydasında təsdiq olunmalıdır).

Yekun müraciət

Maliyyə nəzarəti orqanına yekun müraciət zamanı ərizəyə (Əlavə №2-də göstərilən yazılı yekun müraciət formasına) aşağıdakı təsdiqedici sənədlərin skan edilmiş surəti əlavə edilir:

- Dövlət qeydiyyatı haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surəti;

- Nizamnaməsinin notariat qaydasında təsdiq edilmiş surəti;

- Rəhbər işçi vəzifələrinə təyin edilən şəxslər barədə məlumatlar, o cümlədən onların təhsili və iş təcrübəsi barədə müvafiq sənədlərin notariat qaydasında təsdiq edilmiş surətləri;

- Sığortaçı olmaq üçün təsis edilmiş açıq səhmdar cəmiyyətinin fəaliyyət göstərəcəyi ofis binasından istifadə hüququnu təsdiq edən sənədin notariat qaydasında təsdiq edilmiş surəti;

- Sığortaçı olmaq üçün təsis edilmiş açıq səhmdar cəmiyyətinin nizamnamə kapitalının müvafiq bank hesabına ödənilməsini təsdiq edən sənədlərin təsdiq edilmiş surəti;

Fəaliyyət aparılmasına icazə istənilən könüllü sığorta növü (və ya növləri) üzrə sığorta qaydaları.

Qeyd: Rəhbər vəzifəyə təyinatı verilmiş şəxslər Maliyyə nəzarəti orqanında test imtahanından keçməlidirlər.