AZ EN

AZƏRBAYCAN RESPUBLİKASININ MALİYYƏ BAZARLARINA NƏZARƏT PALATASI

Depozitar fəaliyyəti

Depozitar sistem - qiymətli kağızların sənədsizləşdirilməsi, saxlanılması, uçotu, onlarla təsbit edilmiş hüquqların təsdiqi, öhdəliklərlə yüklənməsi, qiymətli kağız mülkiyyətçilərinin hesablarının uçotunun aparılması, “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada pul hesablarının açılması, həmin hesablar üzrə əməliyyatlar aparılması və pul köçürmələrinin həyata keçirilməsi ilə əlaqədar mərkəzi depozitar və onun üzvləri arasında olan münasibətlər sistemidir.

Depozitar fəaliyyəti xüsusi razılığa (lisenziyaya) malik olan qiymətli kağızlar bazarının peşəkar iştirakçısı tərəfindən həyata keçirilir. Depozitar fəaliyyəti “Qiymətli Kağızlar Bazarı haqqında“,  “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanunla tənzimlənir.

Mərkəzi depozitar onun üzvləri olan investisiya şirkətləri və investisiya fondunun depozitarları ilə birlikdə depozitar sistemini təşkil edir. Milli Depozit Mərkəzi bu sistemin mərkəzi institutudur.

Mərkəzi depozitar maliyyə bazarlarına nəzarət orqanının təsis etdiyi qeyri-kommersiya hüquqi şəxsdir. Mərkəzi depozitar qiymətli kağızlar üzrə ümümiləşdirilmiş məlumatı, onların mülkiyyətçiləri barədə məlumatlar istisna olmaqla, ictimaiyyət üçün açıqlamalıdır. Depozitar sistemində saxlanılan qiymətli kağızların mülkiyyətçilərinin müəyyən edilməsinə dair məlumat gizli (konfidensial) sayılır. Həmin məlumat maliyyə bazarlarına nəzarət orqanının və ya məhkəmənin sorğusu əsasında həmin təşkiltalara təqdim edilə bilər.