AZ EN

AZƏRBAYCAN RESPUBLİKASININ MALİYYƏ BAZARLARINA NƏZARƏT PALATASI

Kredit təşkilatları

1.Bank filialı nədir?

Bankın filialı hüquqi şəxs olmayan, bankın olduğu yerdən kənarda yerləşən, öhdəlikləri üçün bankın özünün məsuliyyət daşıdığı, banka icazə verilmiş bank fəaliyyətinin hamısını və ya bir hissəsini həyata keçirə bilən bankın ayrıca bölməsidir

2.Bankın şöbəsi nədir?

Bankın şöbəsi - hüquqi şəxs olmayan, bankın olduğu yerdən kənarda yerləşən, öhdəlikləri üçün bankın özünün məsuliyyət daşıdığı, onun respublika ərazisində depozitlər cəlb edən və/və ya köçürmə, hesablaşma-kassa əməliyyatları aparan ayrıca bölməsidir.

3. Depozit nədir?

Depozit - müvafiq müqavilə şərtləri ilə faizlər və ya komisyon haqqlar ödənilməklə və ya ödənilmədən müştərilərin (əmanətçilərin) tələbi ilə qaytarılmasını və ya başqa hesaba köçürülməsini nəzərdə tutan bankın balansında aparılan cari, əmanət (depozit) və ya digər hesaba qoyulmuş və ya köçürülmüş pul vəsaitidir.

4. Kimlər bankın inzibatçıları hesab olunur?

Bankın Müşahidə Şurasının, Audit Komitəsinin və İdarə Heyətinin üzvləri, habelə bankın baş mühasibi (mühasibat xidmətinin rəhbəri), daxili audit bölməsinin əməkdaşları, bank  filialının, şöbəsinin və nümayəndəliyinin rəhbərləri və baş mühasibləri bankın inzibatçılarıdır.

5. “Vətəndaş qüsursuzluğu” nə deməkdir?

«Vətəndaş qüsursuzluğu» dedikdə, mühüm iştirak payının sahibləri, o hüquqi şəxs olduqda onun icra orqanının rəhbərləri, habelə bankın törəmə strukturlarının rəhbərləri üçün qəsdən törədilmiş cinayətə görə məhkumluğun olmaması; inzibatçı, müvəqqəti inzibatçı və ləğvedici üçün məhkumluğunun olmaması, keçmişdə mülkiyyət əleyhinə və iqtisadi fəaliyyət sahəsində ağır və xüsusilə ağır cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi faktının olmaması, müvafiq vəzifəni tutması və ya peşə fəaliyyəti ilə məşğul olması üzərində məhkəmə qərarı ilə qoyulmuş qadağanın olmaması, məhkəmə qaydasında müflis elan edilməsi faktının olmaması başa düşülür.

6. “Prudensial” nə deməkdir?

«Prudensial» - bankın təhlükəsiz fəaliyyətinin təmin edilməsinə istiqamətlənmiş normativlərə, qaydalara, tələblərə və göstərişlərə əsaslanmış düşünülmüş davranış, idarəetmə və nəzarət üsuludur

7. Poçt hesabı nədir?

Poçt hesabı fiziki və hüquqi şəxslərin pul vəsaitləri ilə əməliyyatların aparılması üçün milli operator tərəfindən açılan hesabdır.

8. Kredit ittifaqı nədir?

Kredit ittifaqı mənafe ümumiliyi əsasında könüllü birləşən fiziki şəxslərin və (vəya) kiçik sahibkarlıq subyekti olan hüquqi şəxslərin sərbəst pul vəsaitlərini cəmləşdirmək yolu ilə özlərinin qarşılıqlı kreditləşdirilməsi üçün yaratdıqları bank olmayan kredit təşkilatıdır.

9. Bank olmayan kredit təşkilatı (BOKT) nədir?

BOKT xüsusi razılıq (lisenziya) əsasında kreditlərin verilməsi və “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununda icazə verilən digər fəaliyyət növlərini (faktorinq, forfeytinq, veksellərin uçotu, qarantiyanın verilməsi, sığorta agenti xidmətinin göstərilməsi, borcalanlara, o cümlədən birgə borcalan qruplarına maliyyə, texniki və idarəetmə məsələləri üzrə məsləhət xidmətinin göstərilməsi) həyata keçirən ixtisaslaşmış kredit təşkilatıdır.

10. Hansı məlumatların sirrinə bank təminat verir?

Bank hesabının, hesab üzrə əməliyyatlar və qalıqların, habelə müştəri haqqında məlumatların, o cümlədən müştərinin adı, ünvanı, rəhbərləri haqqında məlumatların sirrinə bank təminat verir. Müştərilərin bank saxlancında əmlakının mövcudluğu, bu cür əmlakın sahibləri, xarakteri və dəyəri haqqında məlumatların sirrinə də bank təminat verir.