AZ EN

AZƏRBAYCAN RESPUBLİKASININ MALİYYƏ BAZARLARINA NƏZARƏT PALATASI

Kapital bazarları

1. Qiymətli kağız nədir?

Qiymətli kağız onun mülkiyyətçisi və emitenti (investisiya qiymətli kağızlarının emissiyasını həyata keçirən şəxs) arasında müqavilə münasibətlərinin mövcudluğunu və mülkiyyətçinin həmin müqavilədən irəli gələn hüquqlarını təsdiqləyən sənəddir. Qiymətli kağızlara istiqraz, səhm, veksel, depozitar qəbzi, investisiya fond payı, girov kağızı, ipoteka kağızı və daşınmaz əmlak sertifikatı aiddir. İstiqrazlar və səhmlər investisiya qiymətli kağızları olub, buraxılışlarla yerləşdirilən və qiymətli kağızların əldə edilməsi vaxtından asılı olmayaraq bir buraxılış daxilində hüquqların həyata keçirilməsinin həcmi və müddəti eyni olan qiymətli kağızlardır.

Qiymətli kağızlar bazarı qiymətli kağızların emissiyası, buraxılması, tədavülü, ödənilməsi, mülkiyyətçiliyi, saxlanılması, kompensasiyası, öhdəliklərlə yüklənməsi, dövlət tənzimlənməsi və digər əməliyyatların həyata keçirilməsi üzrə subyektlər arasında olan hüquqi və iqtisadi münasibətlərin məcmusudur.

2. Səhm nədir?

Səhm mülkiyyətçisinin həmin səhmin nominal dəyərinə mütənasib surətdə səhmi buraxmış səhmdar cəmiyyətinin nizamnamə kapitalında iştirakını, mənfəətindən dividendlər, ləğvindən sonra isə qalan əmlakının hissəsini almaq hüququnu, həmçinin səhmdar cəmiyyətinin idarə olunmasında iştirak etmək hüququnu təsdiqləyən investisiya qiymətli kağızıdır. Səhmin emitenti yalnız səhmdar cəmiyyəti ola bilər.

- Səhm adi və ya imtiyazlı növündə buraxıla bilər.

- Səhmlərin nominal dəyəri səhmin dəyərinin cəmiyyətin nizamnaməsi ilə müəyyən edilmiş pul ifadəsidir.

- Səhmlərin nominal dəyəri Azərbaycan Respublikasının milli valyutası ilə ifadə olunur.

- Səhmlərin nominal dəyərindən aşağı qiymətlə ilkin yerləşdirilməsinə yol verilmir.

- Adi səhmlərin hər biri eyni nominal dəyərli olmaqla onun mülkiyyətçisinə eyni həcmdə hüquqlar verir. Adi səhm mülkiyyətçisinə emitentin mənfəətinin bir hissəsini dividendlər şəklində almaq, emitentin fəaliyyətinin idarə olunmasında iştirak etmək və emitentin ləğvindən sonra qalan əmlakının bir hissəsini əldə etmək hüququnu verən səhm növüdür.

- İmtiyazlı səhmlərin bir buraxılışı daxilində hər biri eyni nominal dəyərli olmaqla onun mülkiyyətçisinə eyni həcmdə hüquqlar verir. İmtiyazlı səhm emitentin  fəaliyyətinin nəticəsindən asılı olmayaraq, mülkiyyətçisinə səhmin nominal dəyərinin sabit faizi şəklində dividend almasına təminat verən, emitentin ləğvindən sonra qalan əmlakının bir hissəsini almaqda digər səhmdarlara nisbətən üstünlük hüququnu, habelə səhmlərin buraxılış şərtlərində və emitentin nizamnaməsində nəzərdə tutulan digər hüquqlar verən səhm növüdür

3. İstiqraz nədir?

İstiqraz emitentin istiqraz mülkiyyətçisinə borclu olduğunu təsdiqləyən və şərtlərindən asılı olaraq, müəyyən edilmiş tarixdə faiz (kupon) və ya diskont və əsas məbləği ödənilən borc investisiya qiymətli kağızıdır. İstiqrazlar dövlət təşkilatları və korporativ təşkilatlar tərəfindən buraxılır. İstiqrazlar təminatına görə təmin edilmiş və ya təmin edilməmiş istiqrazlara bölünürlər. Təmin edilmiş istiqrazlar onlardan irəli gələn öhdəliklər girovla, qarantiya ilə, həmçinin dövlət və ya bələdiyyə zəmanəti ilə təmin olunan istiqrazlardır. Təmin edilmiş istiqrazlar üzrə təminatın dəyəri istiqrazların ümumi nominal dəyərindən və ödəniləcək olan faizlərdən (olduqda) aşağı olmamalıdır.

4. Törəmə maliyyə aləti nədir?

Törəmə maliyyə alətləri onların əsasında duran maliyyə alətinin və ya məhsulunun (əsas aktiv adlanır) dəyərindən asılı olaraq dəyəri müəyyən edilən maliyyə alətləridir. Bunlar maliyyə müqavilələridir və bu müqavilələrin dəyəri onların bağlı olduğu aktivin dəyərinin dəyişməsindən asılı olaraq müəyyən edilir. Əsas aktivlər, məsələn, səhmlər və ya valyuta ola bilər. Törəmə maliyyə alətlərinin bir çox növləri vardır və bunlardan svoplar, fyuçerslər, forvardlar və opsionlar ən geniş yayılmışlardır. Törəmə maliyyə aləti istənilən növ qiymətli kağızlarla bağlı yaradıla bildiyi üçün, onların əhatə dairəsi demək olar ki, sonsuzdur. Nəticədə, törəmə maliyyə aləti iki tərəf arasında əsas aktivin gələcək dəyərindən asılı olan bir müqavilədir.

5. İnvestisiya xidmətlərinə hansılar aiddir?

İnvestisiya xidmətləri əsas və yardımçı xidmətlər olmaqla iki yerə bölünür. Əsas investisiya xidmətləri aşağıdakılardır:

- qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbul və icra edilməsi;

- fərdi investorların portfelinin idarə edilməsi;

- investisiya məsləhətlərinin verilməsi;

- qiymətli kağızların öhdəlik götürmədən yerləşdirilməsi və anderraytinqi;

- qiymətli kağızların öhdəlik götürməklə yerləşdirilməsi və anderraytinqi;

- mərkəzi depozitarın və fond birjasının üzvü qismində öz hesabına qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə əməliyyatlar aparılması;

- marja ticarəti.

Yardımçı investisiya xidmətlərinə aşağıdakılar aiddir:

- müştərisinin qiymətli kağızlar hesablarının idarə edilməsi, o cümlədən qiymətli kağızların və ya törəmə maliyyə alətlərinin öhdəliklərlə yüklənməsi ilə bağlı əməliyyatların həyata keçirilməsi;

- investorlara qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə həyata keçirdiyi əqdlərin bağlanması üçün kredit və ya digər formada borc verilməsi;

- qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə bağlı investisiya tədqiqatı və maliyyə təhlilinin aparılması;

- təmin edilmiş istiqrazlar üzrə təminatın sərəncamçısı xidmətinin həyata keçirilməsi;

- əsas investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi ilə bağlı xarici valyuta mübadiləsi.

6. Fond Birjası fəaliyyəti nədir?

Fond Birjası, fond birjası fəaliyyəti üçün lisenziyaya malik olan, fəaliyyətinin müstəsna predmeti tənzimlənən bazarların təşkili və idarə edilməsi olan, səhmdar cəmiyyəti formasında yaradılan hüquqi şəxsdir. Qiymətli kağızlar və törəmə maliyyə alətləri üzrə kütləvi ticarəti fond birjası təşkil edir. Onun vəzifələrinə ticarətin ədalətliliyinin və şəffaflığının təmin edilməsi,  öz daxili qaydaları ilə üzvlərinin ticarətdə birbaşa və (və ya) məsafədən qoşulmaqla iştirakının təmin edilməsi, qiymətli kağızlarla və törəmə maliyyə alətləri ilə ticarətin təşkili və keçirilməsi, qiymətli kağızların kütləvi təklifinin və yerləşdirilməsinin təşkili və fond birjasının daxili qaydaları ilə nəzərdə tutulmuş digər vəzifələr aiddir.

7. Mərkəzi depozitar fəaliyyəti nədir?

Mərkəzi depozitar onun üzvləri olan investisiya şirkətləri və investisiya fondunun depozitarları ilə birlikdə depozitar sistemini təşkil edir. Mərkəzi depozitar bu sistemin mərkəzi institutudur və qiymətli kağızlar üzrə depozitar sistemini idarə edir.

8. Mərkəzi depozitarın vəzifələri hansılardır?

Mərkəzi depozitarın vəzifələri aşağıdakılardır:

- qiymətli kağızların saxlanması və uçotunun aparılması;

- qiymətli kağız mülkiyyətçilərinin hesablarının uçotunun aparılması;

- qiymətli kağızlar və onların mülkiyyətçilərinin hesabları üzrə elektron sistemin təşkilinin və aparılmasının təmin edilməsi;

- qiymətli kağız mülkiyyətçilərinin reyestrinin aparılması;

- nominal saxlayıcıların hesablarının uçotunun aparılması;

- qiymətli kağızların öhdəliklərlə yüklənməsinin qeydiyyatı.