AZ EN

AZƏRBAYCAN RESPUBLİKASININ MALİYYƏ BAZARLARINA NƏZARƏT PALATASI

Maliyyələşmə

        “Təsdiq edilmişdir”

Azərbaycan Respublikasının

Maliyyə Bazarlarına Nəzarət Palatası

               Qərar № 1

        “5” aprel 2017-ci il

   Direktorlar Şurasının sədri

      ____________________

             Rüfət Aslanlı

 

Maliyyə bazarlarında nəzarət edilən subyektlər tərəfindən

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına

ödənilən haqların tənzimlənməsi Qaydaları

 

1. Ümumi müddəalar

1.1 Bu Qaydalar Azərbaycan Respublikasının “Banklar haqqında” Qanununun 46-1-ci, “Bank olmayan kredit təşkilatları haqqında” Qanununun 25-1-ci, “Sığorta fəaliyyəti haqqında” Qanununun 96-cı, “Qiymətli kağızlar bazarı haqqında” Qanununun 89-cu, “İnvestisiya fondları haqqında” Qanununun 51-ci, “Bədən tərbiyəsi və idman haqqında” Qanununun 53-1.7-ci, “Poçt haqqında” Qanununun 13-6-cı, “Kredit büroları haqqında” Qanununun 7.3-cü, “Lotereyalar haqqında” Qanununun 10.4-cü maddələrinə və Azərbaycan Respublikası Prezidentinin 10 mart 2016-cı il tarixli 828 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsi”nin (Nizamnamə) 5.3.19-cu yarımbəndinə əsasən hazırlanmışdır və Maliyyə Bazarlarına Nəzarət Palatasına (bundan sonra - Palata) maliyyə bazarlarında nəzarət edilən subyektlər (bundan sonra – nəzarət subyektləri) tərəfindən ödənilən haqların məbləğini və ödənilmə qaydasını müəyyən edir.

1.2 Bu Qaydalara əsasən nəzarət subyektləri tərəfindən ödəniləcək haqlar müəyyən edilərkən Palatanın dayanıqlı fəaliyyətinin və maliyyə bazarlarının sağlam, sabit və effektiv inkişafının təmin edilməsi prinsipləri rəhbər tutulur.

 

2 Anlayışlar

2.1 Bu Qaydalarda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1 Palataya ödənilən haqlar – nəzarət subyektləri tərəfindən Palataya ödənilən dövri ödənişlər və yığımlar;

2.1.2 dövri ödənişlər – hər bir nəzarət subyekti tərəfindən fəaliyyət istiqaməti və fərqləndirmə meyarı nəzərə alınmaqla ödənilən  haqlar;

2.1.3 yığımlar – nəzarət subyektlərinin qanunla müəyyən edilmiş vəzifəli şəxslərinin attestasiyası və Palatanın əməkdaşları tərəfindən növbədənkənar (əlavə) yoxlamaların keçirilməsi ilə bağlı ödənilən haqlar;

2.1.4 bank inzibatçıları - bankın İdarə Heyətinin üzvləri, daxili audit bölməsinin rəhbəri, bankın baş mühasibi (mühasibat xidmətinin rəhbəri) və onun imza hüququ olan müavinləri, habelə yerli və xarici bankların yerli filiallarının rəhbərləri və baş mühasibləri (mühasibat xidmətinin rəhbəri) və onların imza hüququ olan müavinləri;

2.1.5 fərqləndirmə meyarı – bank və bank olmayan kredit təşkilatlarının aktivlərinin, sığortaçı və təkrarsığortaçılara  illik daxil olan haqların həcmi nəzərə alınmaqla dövri ödənişlərinin hesablanması məqsədi ilə aparılan qruplaşdırmada əsas götürülən meyardır.

 

3. Nəzarət subyektləri tərəfindən Palataya ödənilən haqların hesablanması

3.1 Palataya aşağıdakı nəzarət subyektləri tərəfindən haqlar ödənilir:

3.1.1 banklar;

3.1.2 bank olmayan kredit təşkilatları;

3.1.3 poçt rabitəsinin milli operatoru;

3.1.4 sığortaçılar və təkrarsığortaçılar;

3.1.5 fond birjaları;

3.1.6 investisiya şirkətləri;

3.1.7 mərkəzi depozitar;

3.1.8 klirinq təşkilatları;

3.1.9 investisiya fondları;

3.1.10 investisiya fondunun idarəçisi;

3.1.11 investisiya fondunun depozitarı;

3.1.12 kredit büroları;

3.1.13 lotereya təşkilatçıları (stimullaşdırıcı lotereyalar istisna olmaqla);

3.1.14 idman mərc oyunlarının operatorları.

3.2 Dövri ödənişlərin məbləği bu Qaydalara 1 saylı Əlavəyə əsasən aşağıdakılar nəzərə alınmaqla müəyyən edilir:

3.2.1 banklar və bank olmayan kredit təşkilatları üçün fərqləndirmə meyarları onların əvvəlki ilin 31 dekabr tarixinə olan aktivləri əsas götürülərək hesablanır;

3.2.2 sığortaçılar və təkrarsığortaçılar üzrə dövri ödənişlər hər rübün sonuna daxil olmuş sığorta və təkrarsığorta haqlarının həcminə əsasən hesablanmaqla bu Qaydalarla müəyyən edilən maksimum hədlə məhdudlaşır;

3.2.3 kredit bürolarının dövri ödənişləri cari ildə topladıqları haqlara əsasən hesablanmaqla bu Qaydalarla müəyyən edilən maksimum hədlə məhdudlaşır;

3.2.4 mərkəzi depozitarın dövri ödənişləri əvvəlki ilin xalis mənfəətinə əsasən hesablanmaqla bu Qaydalarla müəyyən edilən maksimum hədlə məhdudlaşır;

3.2.5 poçt rabitəsinin milli operatoru, fond birjaları, investisiya şirkətləri, klirinq təşkilatları, investisiya fondları, investisiya fondlarının idarəçiləri, lotereya təşkilatçıları və idman mərc oyunlarının operatorlarının dövri ödənişləri üçün sabit məbləğ müəyyən edilir.

3.3 Yığımların məbləği bu Qaydalara 2 saylı Əlavəyə əsasən aşağıdakılar nəzərə alınmaqla müəyyən edilir:

3.3.1 yerində yoxlamaların keçirilməsi üçün alınan yığımlar adam/saat prinsipi əsasında yoxlamada iştirak edən Palata əməkdaşlarının yoxlamaya sərf etdiyi toplam saatların bu Qaydalara 2 saylı əlavədə müəyyən edilmiş saathesabı dəyərinə vurulmaqla hesablanır;

3.3.2 bank inzibatçıları, sığortaçıların rəhbər işçiləri, investisiya şirkəti, fond birjası, klirinq təşkilatı və investisiya fondunun depozitarının icra orqanının üzvləri, investisiya şirkətinin filiallarının rəhbərləri, habelə səhmdar investisiya fondunun və idarəçinin icra orqanının üzvlərinin attestasiyadan keçirilməsi  üçün sabit məbləğ müəyyən edilir.

3.4 Nəzarət subyektləri üçün bu Qaydalarla sabit məbləğ formasında müəyyən edilmiş dövri ödənişlər və onlar üzrə maksimum hədlər, habelə yığımlar Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən olunan ötən ilin orta illik istehlak qiymətləri indeksi nəzərə alınmaqla 2018-ci ildən başlayaraq hər il üçün aşağıdakı düsturla yenidən hesablanır:

Burada: 

ST– T ili üzrə Palataya ödənilən haqların məbləği;

S0–  bu Qaydalara  1 və 2 saylı Əlavələrdə sabit məbləğ formasında müəyyən edilmiş dövri ödəniş və onlar üzrə maksimum hədlərin və yığımların məbləği;

T – haqların hesablanması ili;

CPIt t ili üzrə istehlak qiymətləri indeksi.

 

4 Nəzarət subyektləri tərəfindən Palataya haqların ödənilməsi qaydası

4.1 Dövri ödənişlər Palata tərəfindən təqdim olunan hesab-faktura üzrə rüblük əsasda aşağıda müəyyən olunan qaydada ödənilir:

4.1.1 sığortaçılar və təkrarsığortaçıların rüblük dövri ödənişləri bu Qaydalara 1 saylı Əlavədə müəyyən olunan qaydada hesabalanıb, cari ilin ötən rübləri üzrə artıq icra olunmuş dövri ödənişlər çıxılmaqla növbəti rübün ilk ayının sonunadək ödənilir;

4.1.2 kredit bürolarının rüblük dövri ödənişləri həmin rübdə topladığı xidmət haqlarının bu Qaydalara 1 saylı Əlavədə müəyyən edilmiş hissəsi həcmində növbəti rübün ilk ayının sonunadək ödənilir;

4.1.3 digər nəzarət subyektləri rüblük dövri ödənişlərini bu Qaydalara 1 saylı əlavədə müəyyən edilmiş illik haqları bərabər hissələrə bölməklə həmin rübün ilk ayının sonunadək ödəyir.

4.2 Yığımlar Palata tərəfindən təqdim olunan hesab-faktura üzrə birdəfəlik şəkildə icra olunur.  

4.3 Palata dövri ödənişlərin icrası üçün hesab-fakturanı bu Qaydaların 4.1-ci bəndində müəyyən edilmiş ödəniş müddətinə ən geci 10 iş günü qalmış nəzarət subyektinə təqdim edir. Yığımlarla bağlı hesab-faktura nəzarət subyektinə nəzərdə tutulan fəaliyyətin keçirilməsindən ən geci 3 iş günü əvvəl təqdim olunur.

4.4 Nəzarət subyekti təqdim olunmuş hesab-faktura üzrə məbləği 10 iş günü müddətində Palatanın bank hesabına köçürür. Palata tərəfindən attestasiya yalnız müvafiq ödəniş aparıldıqdan sonra keçirilir. Ödənilmiş yığımlar keçirilmiş attestasiyanın nəticəsindən asılı olmayaraq geri qaytarılmır.

4.5 Nəzarət subyektləri dövri haqları bu Qaydalarla müəyyən edilmiş ödəniş müddətindən əvvəl ödəyə bilər. Bu zaman, nəzarət subyekti vaxtından əvvəl ödənişin aparılması ilə bağlı əlavə hesab-fakturanın alınması üçün Palataya rəsmi müraciət edir.

 

 

“Maliyyə bazarlarında nəzarət edilən subyektlər tərəfindən
Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına
ödənilən haqların tənzimlənməsi Qaydaları”na
Əlavə  1
 
Nəzarət subyektlərinin illik dövri ödəniş 
CƏDVƏLİ
 
 
                                                                                                         AZN-lə ifadə edilmişdir
Nəzarət subyekti Fərqləndirmə meyarı Ödəniləcək məbləğ Maksimum hədd

Bank

Cəmi aktivləri 1 milyarddan çox

Sabit məbləğ
800.000

 

Cəmi aktivləri 500 milyon – 1 milyard arası

Sabit məbləğ
500.000

 

Cəmi aktivləri 500 milyondan az

Sabit məbləğ
300.000

 

Bank olmayan kredit təşkilatı

Cəmi aktivlər 20 milyondan çox

Sabit məbləğ
50.000

 

Cəmi aktivləri 3-20 milyon arası

Sabit məbləğ
30.000

 

Cəmi aktivləri 3 milyondan az

Sabit məbləğ
15.000

 

Poçt rabitəsinin milli operatoru

 

Sabit məbləğ
70.000

 

​​Sığortaçı
(Qeyri-həyat)

Daxil olan sığorta və təkrarsığorta haqları 30 milyondan çox olduqda

180.000 + (H1 – 30 mln)×1%

Bir sığortaçı üzrə
700 000

Daxil olan sığorta və təkrarsığorta haqları 10-30 milyon aralığında olduqda

40.000 + (H – 10 mln)×0.70%

Daxil olan sığorta və təkrarsığorta haqları 10 milyondan az olduqda

H × 0.40%

Sığortaçı
(Həyat)
 

Daxil olan sığorta və təkrarsığorta haqları 30 milyondan çox olduqda

198.000 + (H – 30 mln)×1.1%

Bir sığortaçı üzrə
750 000

Daxil olan sığorta və təkrarsığorta haqları 10-30 milyon aralığında olduqda

44.000 + (H – 10 mln)×0.77%

Daxil olan sığorta və təkrarsığorta haqları 10 milyondan az olduqda

H × 0.44%

Təkrarsığortaçı (müstəsna fəaliyyət növü olduqda)

Xaricdən və daxildən daxil olan təkrarsığorta haqları 30 milyondan çox olduqda

180.000 + (H – 30 mln)×1%

Bir təkrarsığotaçı üzrə
700.000

Xaricdən və daxildən daxil olan təkrarsığorta haqları 10-30 milyon aralığında olduqda

40.000 + (H – 10 mln)×0.70%

Xaricdən və daxildən daxil olan təkrarsığorta haqları 10 milyondan az olduqda

H × 0.40%

Fond birjası

 

Sabit məbləğ
15.000

 

İnvestisiya şirkəti

                   

Sabit məbləğ
10.000

 

Mərkəzi depozitar

 

İllik xalis mənfəətinin
30%

250.000

Klirinq təşkilatı

 

15.000

 

İnvestisiya fondu

 

20.000

 

İnvestisiya fondunun idarəçisi

 

10.000

 

Kredit bürosu

 

Toplanan xidmət haqqının 10%-i

250.000

Lotereya təşkilatçısı

 
 

Sabit məbləğ
160.000

 

İdman mərc oyunları operatoru

 

Sabit məbləğ
475.000

 

 
____________ 
1 H – İlin əvvəlindən artan yekunla daxil olmuş sığorta və təkrarsığorta haqları
 
 
“Maliyyə bazarlarında nəzarət edilən subyektlər tərəfindən
Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına
ödənilən haqların tənzimlənməsi Qaydaları”na
Əlavə 2
 
YIĞIMLAR CƏDVƏLİ
 
                                                                                                          AZN-lə ifadə edilmişdir
Fəalliyət Nəzarət subyektləri Şərti vahid Ödəniləcək məbləğ
Yerində yoxlamaların keçirilməsi Bütün nəzarət subyektləri 1 adam/saat 30
        Attestasiya bank inzibatçıları 1 nəfər 500
sığortaçıların rəhbər işçiləri 1 nəfər 300
investisiya şirkəti, fond birjası, klirinq təşkilatı və investisiya fondunun depozitarının icra orqanının üzvləri, investisiya şirkətinin filiallarının rəhbərləri 1 nəfər 500
səhmdar investisiya fondunun və idarəçinin icra orqanının üzvləri 1 nəfər 500